Əməliyyat zamanı şübhəlilərin İran vətəndaşı ilə cinayət əlaqəsi də üzə çıxıb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı iki qardaş saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və qardaşı, 33 yaşlı İlkin Əliyev tutulub. Onların avtomobilinə və evlərinə baxış zamanı 6 kiloqramdan artıq marixuana aşkarlanıb.
Araşdırmalar nəticəsində məlum olub ki, qardaşlar şəxsiyyəti istintaqla müəyyən edilən İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə edib, satış məqsədilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi açılıb, əməliyyat tədbirləri davam etdirilir.